...

İctimai sektor mühasibləri üçün PMS proqramı üzrə növbəti uzunmüddətli təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Peşəkar Mühasib Sertifikatı (PMS) proqramı üzrə növbəti uzunmüddətli təlimlərə start verilib.

Təlimlərin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov dövlət idarəetmə sistemində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və hesabatlığın təmin olunması baxımından mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd olunub ki, həyata keçirilən təlim proqramının əsas məqsədi dövlət qurumlarında fəaliyyət göstərən mühasiblərin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, onların beynəlxalq standartlara və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə sertifikatlaşdırılması, eləcə də peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Nazir müavini bildirib ki, ötən il təşkil olunmuş analoji uzunmüddətli təlim proqramları yüksək nəticələrlə yekunlaşıb. Belə ki, proqramı uğurla bitirən ictimai sektor təşkilatlarının 20 nəfər maliyyəçisinin hər biri sertifikatın birinci mərhələ imtahanından uğurlu nəticə əldə edib. Beləliklə də, ötən təlimlərdə əldə olunan müsbət təcrübə cari təlimlərin daha səmərəli təşkilinə imkan yaradır.

Nazirliyin əməkdaşı İman Yusifov tərəfindən keçiriləcək təlimlər ilkin mərhələdə mühasibat uçotu üzrə baza biliklərinin möhkəmləndirilməsini əhatə edəcək, növbəti mərhələlərdə isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində PMS proqramına uyğun şəkildə davam etdiriləcəkdir. Təlim prosesi çərçivəsində iştirakçılar üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan modelinə uyğun sınaq imtahanlarının təşkili də nəzərdə tutulur.

Dörd ay müddətində davam edəcək təlim proqramı Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar kadr potensialının gücləndirilməsi və ictimai sektor təşkilatlarında beynəlxalq standartların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.